Dövlət Turizm Agentliyi Ümumdünya Turizm Günü ilə əlaqədar müsabiqə elan edir

15:59 27.09.2019
Dövlət Turizm Agentliyi 27 sentyabr – Ümumdünya Turizm Günü ilə əlaqədar KİV nümayəndələri və fotoqraflar arasında müsabiqə elan edir.
 
Müsabiqəyə dəstəkçi qismində Azərbaycan Turizm Bürosu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Hotel Assosiasiyası və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası iştirak edir.
“Azərbaycanın turizm potensialı və ondan istifadə imkanları” mövzusunda keçirilən müsabiqə cari ilin 27 sentyabr – 10 noyabr tarixlərini əhatə edəcək.
Göndərilmiş materialların yoxlanılması və qiymətləndirilməsi prosesindən sonra noyabrın 29-da baş tutacaq Milli Turizm Sammitində qaliblər elan ediləcəklər.
Müvafiq nominasiyalar üzrə 1, 2 və 3-cü yerləri tutmuş şəxslərə ardıcıllığa uyğun olaraq noutbuklar, planşetlər və smartfonlar hədiyyə ediləcək.
Digər yerlərin sahibləri isə qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
 
Müsabiqənin şərtləri:

- Təqdim edilən məqalələrdə, fotolarda və televiziya süjetlərində mövzu tam əks etdirilməlidir;
- Məqalələr, fotolar və televiziya sujetləri yeni olmalıdır, müsabiqənin qüvvədəolma müddətinədək olan dövrü əhatə etməlidir və əvvəllər hər hansı müsabiqəyə təqdim edilməməlidir;
- Müsabiqədə Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-lərin nümayəndələri və müstəqil jurnalistlər iştirak edə bilərlər;
- Hər bir jurnalist müsabiqəyə yalnız bir məqalə, foto və ya süjet təqdim edə bilər;
- Müsabiqəyə təqdim ediləcək məqalənin həcmi 8 min çap işarəsindən, televiziya süjeti 3 dəqiqədən az olmamalıdır. Fotolar isə 3000 piksel-ə qədər ölçüdə və JPEG formatında 3-5 meqabayt (MB) ölçüdən az olmadan göndərilməlidir;
- Məqalə və televiziya süjeti Azərbaycanda dövlət qeydiyyatına alınmış KİV-də çap olunmalı və ya yayımlanmalıdır;
- Materialın sonunda “Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş müsabiqəyə təqdim edilir” sözlərindən ibarət titr qeyd olunmalıdır;
- Material qəzetdə və ya jurnalda dərc edilərsə, onun 1 nüsxəsi, elektron portalda yerləşdirilərsə, A4 formatlı vərəqdə (Arial, 12 şrift) çap olunmalı və link əlavə edilməlidir.
- Fotolar orijinal formatda, ad, soyad, əlaqə vasitəsi və aid olduğu mövzu qeyd edilməklə “fikrat.tahmazov@tourism.gov.az” ünvanına göndərilməlidir.
- Televiziya süjeti isə DVD-də olmaqla, KİV nümayəndəsinin vəsiqəsinin surəti ilə birlikdə 10 noyabr 2019-cu il tarixinədək Dövlət Turizm Agentliyinə (Ünvan: Nizami küçəsi 96E, Landmark 1, AZ1010), materialın elektron versiyası isə həmin tarixədək “fikrat.tahmazov@tourism.gov.az” poçt ünvanına göndərilməlidir.
 
Müsabiqə ilə bağlı əlavə məlumatı Dövlət Turizm Agentliyinin məsul əlaqələndiricisindən almaq olar: (tel: +994512296043, Fikrət Təhməzov).
 
Materialların qiymətləndirilmə meyarları:
 
- Aid olduğu mövzunu əhatə etməsi, jurnalist araşdırması,
- Əsaslandırma və faktların əlaqələndirilməsi;
- Materialın informasiyalılıq səviyyəsi;
- Yazının və reportajın dil və üslub xüsusiyyətləri;
- Jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi;
- Müqayisəli təhlil üslubu;
- İctimai maraqların müdafiəsi.