ATMU-nu uğurla bitirən tələbələrin “Məzun günü” keçirilib

ATMU-nu uğurla bitirən tələbələrin “Məzun günü” keçirilib

19:00 30.06.2022
İyunun 30-da Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) sonuncu kursu uğurla başa vuran tələbələrinin “Məzun günü” keçirilib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, dövlət himni səsləndirilib.

“Məzun günü”ndə çıxış edən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov məzunları təbrik edərək onlara ixtisaslı kadr kimi gələcək fəaliyyətlərində uğurlar arzulayıb. İlham Mədətov qeyd edib ki, bu il universitetdən məzun olan 457 tələbədən 365 nəfəri bakalavr, 92 nəfəri  isə magistr pilləsini bitirib. Rektor məzunlardan 18 nəfərin eyni zamanda Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin (TEU) də diplomuna sahibləndiklərini, ümumilikdə universitet məzunlarının 278 nəfərinin iki diploma malik olduqlarını diqqətə çatdırıb.

Tələbələrlə bir yerdə olmaqdan məmnunluğunu bildirən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev pandemiya səbəbindən son 2 ildə məzun gününün keçirilmədiyini, 2022-ci il məzunlarının bu günü maskasız və məhdudiyyətsiz keçirdiklərinə görə şanslı olduqlarını qeyd edib.

Turizmin dinamik, sürətlə inkişaf edən, rəqabəti sevən bir sahə olduğunu qeyd edən Agentlik sədri ATMU-nun qısa müddətdə  Azərbaycanın turizm sənayesi üçün xeyli sayda peşəkarlar yetişdirdiyini vurğulayıb.

O, Azərbaycan turizm sənayesinin ixtisaslı, təhsilli və bilikli gənclərə ehtiyacının olduğunu qeyd edərək məzunları mütəmadi olaraq öz üzərlərində işləməyə səsləyib və Dövlət Turizm Agentliyinin turizm təhsilli gənclərə hər zaman dəstək göstərdiyini diqqətə çatdırıb.

Tədbirdə Milli Məclisin deputatları Musa Qasımlı, Rauf Əliyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələləri şöbəsinin müdir müavini Məhərrəm Əhmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə,  IMC Krems Tətbiqi Elmlər Universitetinin baş icraçı direktoru Karl Ennsfellner, Bakı Turizm Peşə Məktəbinin direktoru Neylufər Kərimova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov və digər qonaqlar məzunları təbrik ediblər.

“Məzun günü” çərçivəsində ATMU və Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetinin beynəlxalq proqram məzunlarına diplomlar təqdim olunub.

Həmçinin məzunlardan ixtisas, fakültə və universitet birincilərinə plaketlər, 2021/2022-ci tədris ili üzrə universitet birincisinə ATMU-nun “Tələbə Fəxri Kitabı” təqdim edilib.