Azərbaycanın ornitoloji turizm imkanları Böyük Britaniyada təbliğ olunur

Azərbaycanın ornitoloji turizm imkanları Böyük Britaniyada təbliğ olunur

17:13 15.07.2022
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Böyük Britaniyanın Rutland vilayətində keçirilən Qlobal Quş Müşahidəçiliyi (“Global Bird Fair”) turizm sərgisində iştirak edir.

İyunun 15-də işinə başlayan sərgidə ölkəmizi Azərbaycan Turizm Bürosu, Azərbaycan Ornitoloji Cəmiyyəti, Naxçıvan Turizm Departamenti, “Camping Azerbaijan” və “Naxchivan Travel” şirkətlərinin nümayəndələri təmsil edirlər.

Sərgidə quş müşahidəçiliyi əraziləri olan Beşbarmaq, Xınalıq və Ləzə kimi dağlıq bölgələrin, Qızılağac, Şirvan və Ağgöl milli parklarının, həmçinin Naxçıvanın bu istiqamətdə olan turizm potensialı təbliğ edilir.
 
Sərgi çərçivəsində Azərbaycanın ornitoloji turizm imkanlarının təqdimatı məqsədilə təşkil olunan xüsusi seminarda ziyarətçilərə ölkəmizdəki biomüxtəliflik, əsas quş növləri və quş müşahidəsi üçün əlverişli mövsümlər  haqqında məlumat verilib.
 
17 iyuladək davam edəcək sərgidə 60-dan çox ölkə təmsil olunur.
 
Qeyd edək ki, Azərbaycanın ekoturizmin vacib bir istiqaməti kimi ornitoloji turizm imkanlarının inkişaf etdirilməsi məqsədilə “Beşbarmaq” Dövlət Tarix və Mədəniyyət qoruğu ərazisində infrastrukturun qurulması işlərinin həyata keçirilməsinə başlanılıb.