Azərbaycanın turizm imkanları Polşa və Çexiyada nümayiş edilib

Azərbaycanın turizm imkanları Polşa və Çexiyada nümayiş edilib

11:39 23.09.2022
Azərbaycanın turizm imkanlarının Avropada tanıdılması məqsədilə Azərbaycan Turizm Bürosu tərəfindən Polşa və Çexiyada təqdimatlar keçirilib.
 
Varşava, Krakov və Praqada tərəfdaşlarla əməkdaşlıq əlaqələrini genişləndirmək məqsədilə keçirilən tədbirlərdə Azərbaycandan turizm sənayesini təmsil edən 15-dək turizm şirkəti iştirak edib.
 
Polşada keçirilən tədbirlərdə ölkəmizin turizm potensialı, Azərbaycandakı polyak irsi, polyak memarlar tərəfindən Bakı, eləcə də Şamaxı, Gəncə, Qusar və Zaqatalada bir çox tarixi abidə və tikililərin ərsəyə gətirilməsi, həmçinin ölkəmizdə yaşayıb-yaratmış məşhur polyaklar haqqında məlumat verilib.
 
Varşava və Krakovda baş tutan tədbirlərdə Azərbaycan və Polşanı təmsil edən turizm şirkətləri arasında B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilib.
 
Çexiyanın paytaxtı Praqada baş tutan tədbirdə hər iki ölkənin sənaye nümayəndələri arasında işgüzar formatda görüşlər keçirilib, Çexiya turoperator və turagentləri Azərbaycanda mövcud olan turizm məhsulları, ölkələr arasında birbaşa aviareyslər, həmçinin elektron vizanın alınması prosedurları haqqında məlumatlandırılıblar. 
 
Tədbirdə Azərbaycanın qış turizmi imkanları, dağ-xizək mərkəzlərində təqdim olunan xidmətlər, dağ-piyada marşrutları, “Slou Fud” (“Slow Food”) səyahət marşrutu barədə ətraflı məlumat təqdim olunub, həmçinin Azərbaycan şərablarının dequstasiyası keçirilib.