Çinin aparıcı turoperatorlarına Azərbaycanın turizm potensialı tanıdılıb

16:51 17.10.2019
Oktyabrın 16-da Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Çindən olan aparıcı turoperatorlarla yerli turizm şirkətlərinin tanışlıq görüşündə ikitərəfli əlaqələr barədə fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
 
Görüş yerli turizm və qonaqpərvərlik sənayesinin üzvlərini Çinin turizm sənayesinin nümayəndələri ilə bir araya gətirmək və qarşılıqlı əməkdaşlığa şərait yaratmaq məqsədilə keçirilib.
 
B2B (Biznesdən-biznesə) xarakterli tanışlıq görüşündə Çini təmsil edən 6 aparıcı turizm şirkətinin nümayəndələri və Azərbaycanın 60-dan çox turoperatoru iştirak edib.
 
Onlara Azərbaycan və onun turizm imkanları, turizm marşrutları, hotelləri, qədim memarlıq abidələri və milli mətbəxi barədə ətraflı məlumatlar verilib.
 
Oktyabrın 20-dək Azərbaycanda olacaq çinli turoperatorların ölkənin turizm potensialı və əsas turizm infrastrukturu barədə ətraflı məlumatlandırılması məqsədilə paytaxtdakı turizm obyektlərinə və regionlara tanışlıq səfərləri təşkil ediləcək.
 
Qeyd edək ki, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən çinli turistlərin sayı 20 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 64% artım deməkdir.
 
2018-ci ilin dekabr ayından etibarən Çinin Pekin şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyi fəaliyyət göstərir.