Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin Müəllimlər Günü münasibətilə təbriki

02:00 05.10.2018

Dəyərli müəllimlərimiz,

Bu gün bütün dünya 5 oktyabr Beynəlxalq Müəllimlər Gününü qeyd edir. 

Dövlət Turizm Agentliyinin əsas məqsədləri sırasında turizm təhsilinin inkişaf etdirilməsi, müxtəlif istiqamətlər üzrə müvafiq təhsil müəssisələrində ixtisaslı kadrların hazırlanması önəmli yer tutur. 

Şagird və tələbələrin nəinki peşəkar, eləcə də şəxsiyyət kimi yetişməsində, həmçinin turizm sahəsində ixtisaslı kadrların hazırlanmasında, onların peşəkarlıq səviyyəsinin artırılmasında və turizm təhsilinin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasında orta ixtisas və ali məktəblərdə çalışan müəllim və pedaqoqların rolu danılmazdır. 

Məlumdur ki, keyfiyyətli təhsil aydın və inamlı gələcək deməkdir. Təhsilimizin keyfiyyəti isə siz müəllimlərə etibar olunmuşdur. Məhz bu səbəbdən turizmin iqtisadiyyatımızın aparıcı sahəsinə çevrilməsində və məqsədyönlü inkişafında müəllimlərin yaxından iştirakı və dəstəyi bizim üçün çox əhəmiyyətlidir. 

Dövlət Turizm Agentliyinin tabeliyində olan Azərbaycan Turizm və Menecment Universiteti, Mingəçevir Turizm Kolleci və Bakı Turizm Peşə Məktəbinin müəllim heyətinin timsalında Beynəlxalq Müəllimlər Günü münasibətilə bütün təhsil və tədris ocaqlarında çalışan müəllimləri təbrik edir, bu fədakar, şərəfli və məsuliyyətli fəaliyyətiniz üçün sizə təşəkkür edir və yeni-yeni uğurlar arzulayırıq. 

Hörmətlə, 

Fuad Nağıyev

Dövlət Turizm Agentliyinin sədri