Dövlət Turizm Agentliyində qanvermə aksiyası keçirilib

16:17 26.04.2023
Aprelin 26-da Dövlət Turizm Agentliyində “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində qanvermə aksiyası keçirilib.

Qanvermə aksiyasında qurumun əməkdaşları tərəfindən könüllü olaraq hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlara dəstək olmaq məqsədilə qan verilib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin nəzdindəki Mərkəzi Qan Bankının həkim briqadası tərəfindən əvvəlcə qan vermək istəyən əməkdaşların sağlamlıq durumu qiymətləndirilib.

Terapevt müayinəsi ilə qan vermək istəyən əməkdaşlardan anamnez toplanılıb, təzyiq, nəbz, hərarət, çəki və boy yoxlanışından sonra qandakı hemoqlobinin səviyyəsi öyrənilib və yalnız bundan sonra uyğun donorların qanvermə aksiyasında iştirakına icazə verilib.

Donorlardan alınan qan nümunələri laboratoriyada yoxlanışından sonra qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə edilmək üçün Mərkəzi Qan Bankında toplanacaq.