Gürcüstan turoperatorlarına “Azərbaycan-Gürcüstan birgə səyahət layihəsi” təqdim olunub

14:56 27.01.2022
Yanvarın 26-da Gürcüstanın Tbilisi şəhərində fəaliyyət göstərən "Azerbaijan.Travel" qonaq mərkəzində Azərbaycan Turizm Bürosu tərəfindən Gürcüstanın 10-a yaxın turoperatoruna “Azərbaycan-Gürcüstan birgə səyahət layihəsi”nin təqdimatı keçirilib.

Təqdimatda tədbir iştirakçılarına “Azərbaycan-Gürcüstan birgə səyahət layihəsi” haqqında ətraflı məlumat verilib, layihənin iki ölkənin turizm sənayesi arasında əməkdaşlığın artırılmasına, birgə müəyyən edilən və hədəflənən bazarlarda Azərbaycan və Gürcüstanın turizm potensialının təşviqinin güclənməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.

Layihəyə əsasən planlaşdırılan birgə turların əsas hədəfi Avropanın bəzi ölkələri ilə yanaşı, Çin, Yaponiya, İndoneziya, Malayziya, ABŞ və Kanadadan olan, daha çox uzunmüddətli səyahətə üstünlük verən turistlər olacaq.

Xatırladaq ki, Dövlət Turizm Agentliyinin nümayəndə heyətinin işgüzar səfəri çərçivəsində Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi arasında turizm əlaqələrinin inkişafı ilə bağlı görüş keçirilib, birgə turların və məhsulların yaradılması üzrə hazırlanan “Azərbaycan-Gürcüstan birgə səyahət layihəsi” barəsində müzakirələr aparılıb.