Madriddə Qara Yanvar faciəsinin 33-cü ildönümü qeyd edilib

Madriddə Qara Yanvar faciəsinin 33-cü ildönümü qeyd edilib

22:53 20.01.2023
20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar Azərbaycanın İspaniyadakı səfirliyində Qara Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı anım mərasimi təşkil edilib.

Tədbirdə Madrid şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, İspaniya Krallığında yaşayan soydaşlarımız və ölkənin bir sıra mətbu orqan nümayəndələri iştirak ediblər.

Anım mərasimi zamanı sovet ordusunun Azərbaycana hərbi müdaxiləsi zamanı Vətənin azadlığı uğrunda canını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunmuş fotosərgi təşkil edilib, Ümumxalq Hüzn Gününə həsr olunmuş videoçarx göstərilib.

Tədbirdə çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycana hərbi müdaxiləsi nəticəsində 147 mülki şəxsin qətlə yetirildiyini, 744 nəfərin ağır xəsarət aldığını qeyd edib. Bildirilib ki, bu qanlı faciə Azərbaycan tarixinə Qara Yanvar kimi daxil olub.

Səfir diqqətə çatdırıb ki, faciəvi hadisələrdən sonra Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, həmvətənlərimiz və mətbuat nümayəndələri qarşısında çıxış edərək, bu vəhşiliyi kəskin şəkildə pisləyib, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib.

Qeyd edilib ki, Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib və yekunda 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilib. 20 Yanvar tarixi Azərbaycanda Ümumxalq Hüzn Günü elan olunub.

Xüsusi vurğulanıb ki, 20 Yanvar xalqımızın iradəsini sındıra, milli ruhumuzu sarsıda bilməyib. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 20 Yanvar tariximizin şərəf və qəhrəmanlıq səhifəsi, milli iradəmizin zəfər çaldığı gündür.

Tədbirin sonunda Azərbaycanın müstəqilliyi uğrunda, habelə ölkənin suverenliyi və ərazi bütövlüyü naminə canından keçmiş bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Mənbə: AZƏRTAC