Turizm biznesinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib

Turizm biznesinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib

13:49 10.10.2019
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yanında fəaliyyət göstərən İctimai Şuranın növbəti müzakirəsi turizm biznesindəki mövcud vəziyyət və perspektivlərə həsr olunub.
 
Bununla bağlı oktyabrın 10-da keçirilən Forumda müxtəlif dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də turizm sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
 
Forumda turizm biznesi sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan KOB-ların fəaliyyəti, sektorun inkişaf potensialı, bu sahədə dövlət-özəl əməkdaşlığı müzakirə edilib, sahibkarlar və vətəndaş cəmiyyəti institutları tərəfindən turizm biznesi sektorunun inkişafına dair müxtəlif təkliflər səsləndirilib, müzakirələr aparılıb.
 
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Forumun dövlət-özəl dialoqu üçün əlverişli platforma olduğunu, tədbir çərçivəsində maraqlı təkliflərin  səsləndiriləcəyinə əminliyini bildirib.  
 
Qeyd olunub ki, vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulması Agentliyin əsas fəaliyyət istiqamətlərindəndir və KOBİA yanında İctimai Şurada bir sıra ictimai təşkilatlar, o cümlədən  Azərbaycan Turizm Assosiasiyası təmsil olunur.
 
Orxan Məmmədov turizm biznesi sahəsinə dair bir sıra təkliflərdə səsləndirib. Bildirilib ki, turizm sahəsində yeni qanunvericilik aktlarının hazırlanması, yeni təşviq mexanizmlərinin yaradılması prosesində bu sektorda fəaliyyət göstərən KOB-lar və onların birlikləri yaxından iştirak etməli və təmsil olunmalıdır. 

KOBİA isə bu prosesə sahibkarları cəlb etməyə hazırdır. Sahibkarlar turizm layihələrin həyata keçirilməsi zamanı investisiya təşviqi mexanizmindən istifadə edərək  vergi güzəştləri əldə edə bilərlər. Bu baxımdan KOB subyektlərini bu sahədə aktiv investisiya fəaliyyətinə dəvət edirik. Bundan başqa, daxili bazar araşdırmaları dəstək mexanizmindən turizm biznesi sektorunda istifadə oluna bilər. 
 
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxışında turizm sahəsində həyata keçirilən yeniliklər və layihələr, qarşıdakı hədəflər barədə məlumat verib.
 
Agentlik sədri kiçik və orta biznesin inkişafında turizm sahəsinə investisiya qoyuluşlarının stimullaşdırılması üçün işlərin görüldüyünü diqqətə çatdırıb, həmçinin sənaye üçün ixtisaslı kadrların hazırlığı, peşəkar turizm təhsili məsələsi üzərində işlərin görüldüyünü bildirib.  

O qeyd edib ki, Azərbaycanda güclü turizm sənayesini yaratmağa istiqamətənmiş fəaliyyətin uğurlu icrasında turizm sənayesinin bütün üzvlərinin aktiv iştirakı çox vacibdir.
 
Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov Assosiasiyanın fəaliyyəti, turizmin inkişafına göstərilən dövlət dəstəyi tədbirlərindən danışıb, sahənin inkişafına dair müvafiq təkliflər səsləndirib.
 
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun keçirilməsi məqsədi, KOBİA yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verib, KOB-ların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda tədbirlərin keçirildiyini bildirib. 
 
KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov forumda Agentlik yanında İctimai Şura üzvləri və qeyri-hökumət təşkilatları tərəfindən səsləndirilən fikirlərin, rəy və təkliflərinin nəzərə alınacağını və aidiyyəti üzrə təqdim olunacağını qeyd edib.
 
Tədbir çərçivəsində həmçinin, KOB-lar üçün yeni dövlət dəstəyi mexanizmi olan daxili bazar araşdırmalarına dair maarifləndirici videoçarx nümayiş olunub.