Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam”ına əsasən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi haqqında Əsasnaməyə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi turizm sahəsində, habelə tabeliyindəki dövlət qoruqlarının ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Agentlik turizm sahəsində vahid dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, turizm sahəsində normayaratma fəaliyyətinin icrası, dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni, turizmin inkişafı məqsədi ilə digər dövlət orqanları, müəssisələri və təşkilatları, habelə fiziki və hüquqi şəxslər, o cümlədən beynəlxalq və qeyri-hökumət təşkilatları arasında əlaqəli fəaliyyəti təmin etmək, tabeliyindəki dövlət qoruqlarının ərazilərindən məqsədyönlü istifadəni təşkil etmək və onların qorunub saxlanılmasını təmin etmək, milli kulinariya nümunələrinin qorunmasını və təbliğini təmin etmək istiqamətində fəaliyyət göstərir.

Agentlik öz fəaliyyətini müvafiq sahəyə aid dövlət proqramlarını və inkişaf konsepsiyalarını hazırlanması, turizm infrastrukturunun və sənayesinin, həmçinin tabeliyindəki dövlət qoruqlarının inkişafına, turizm zonaları və turizm xidməti sahələrinin yaradılmasına investisiya cəlb olunması üçün müvafiq tədbirlər görülməsi, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə turizm mərkəzinə çevrilməsi məqsədi ilə müvafiq təşviqat işini aparılması, eləcə də turizm brendinin formalaşdırılması və təşviq edilməsi, turizm sahəsində mövcud vəziyyətin, gələcək inkişaf istiqamətlərinin, həmçinin perspektivlərinin müəyyən edilməsi üçün elmi tədqiqat və araşdırmaların aparılması, Azərbaycan Respublikası regionlarının, ayrı-ayrı şəhərlərinin marketinq və kommunikasiya planlarının hazırlanması və icrasının təmin edilməsi, turizm xidmətlərinin keyfiyyətini artırmaq məqsədi ilə peşəkar kadrların hazırlanmasında iştirak edilməsi, dövlət-özəl sektor tərəfdaşlığı prinsipinə əsasən layihələrin həyata keçirilməsi, turist məmnunluğunun artırılması məqsədi ilə aidiyyəti qurumlarla birlikdə turizmin keyfiyyət sisteminin yaradılmasının təmin edilməsi, tabeliyindəki dövlət qoruqlarının ərazilərində turizmin inkişaf etdirilməsi, turist marşrutlarını müəyyən edilməsi və bununla bağlı infrastrukturun yaradılmasının, idarə edilməsinin və mühafizəsinin təşkil edilməsi kimi prioritet sahələr üzrə qurur.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncamına əsasən Fuad Hümbət oğlu Nağıyev Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri təyin edilib.